CƏMİYYƏT
Narkomaniya ilə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması vacib rol oynayır
Bakı, 1 dekabr, AZƏRTAC
Xətai rayonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işini artırmaqdır.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov bildirib ki, Azərbaycanda narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanunlar qəbul olunub, dövlət proqramları həyata keçirilir. Bu sahədə işlərin daha da gücləndirilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən də tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, rayon bələdiyyəsi tərəfindən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işlər aparılıb, bukletlər paylanılıb.
Tədbirdə çıxış edən respublika narkoloji dispanserin nümayəndələri, QİCS ilə mübarizə mərkəzinin əməkdaşları, QHT təmsilçiləri vurğulayıblar ki, “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının, eləcə də ictimaiyyətin rolu böyükdür.
“QİCS və narkomaniyaya qarşı mübarizəyə sən də qoşul” layihəsi çərçivəsində təşkil edilən tədbirlərdə fəallıq göstərən bir qrup şagirdə diplomlar təqdim olunub.
Sonra “Ağ ölümə yox deyək” adlı film göstərilib.