Narkomanlığa qarşı mübarizəyə dair yeni əyani vəsaitlər hazırlanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə işinin gücləndirilməsi, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edənlərin müəyyənləşdirilməsinə kömək məqsədilə beş adda yeni zəruri əyani vəsait hazırlayıb.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, yeni əyani vəsaitlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar on min nüsxə ilə nəşr olunub.
Nəşrlər pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulub.
“Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana haqqında həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlı nəşrlərin Dövlət Komissiyasının İşçi Qrupunun 2018-ci il ərzində təşkil edəcəyi maarifləndirmə və ictimai tədbirlərdə kütləvi şəkildə paylanılması planlaşdırılır.