CƏMİYYƏT
Narkotiklərin ziyanı ilə bağlı mobil rabitə abunəçilərinə SMS-bildiriş göndərilməyə başlanıb
Bakı, 15 iyul, AZƏRTAC
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən həyata keçirilən ictimai maarifləndirmə tədbirləri davamı edir.
AZƏRTAC xəbər verir ki, bunların davamı olaraq cari il iyulun 13-dən “Azercell Telekom” MMC-nin abunəçilərinə əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-82-44) göndərilməsinə başlanılıb.
SMS-lər mərhələli qaydada 10 gün ərzində təqribən üç milyondan çox abunəçiyə ünvanlanacaq.