REGİONLAR


“Naxçıvan” jurnalının 35-ci nömrəsi çap olunub

A+ A

Naxçıvan, 7 yanvar, AZƏRTAC

Ötən il keçirilən “Naxçıvan qalaları: tarixdə və günümüzdə” adlı beynəlxalq konfransın materialları əsasında “Naxçıvan” jurnalının 35-ci nömrəsi çap olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın ilk səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun beynəlxalq konfransdakı çıxışı dərc edilib.

Jurnalda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Naxçıvan: Zaman və elm” adlı məqaləsində bütün tarixi boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş qədim Naxçıvan diyarının, ilk növbədə, ölkəmizin əsas sivilizasiya və dövlətçilik mərkəzlərindən biri olduğu qeyd edilir. Vurğulanır ki, dünya tarixində böyük rol oynamış Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi gəmisi ilə bağlı mifologiya və gerçəklik Naxçıvanın bəşər sivilizasiyasının ilkin beşiklərindən biri olduğuna şahidlik edir. “Naxçıvan” sözünün Nuhçıxan toponimi ilə səsləşməsi heç də təsadüfi olmayıb, bu qədim diyarın ulu tarixindən xəbər verən anlayışlardır. Bu mənada əsası Nuh peyğəmbər tərəfindən qoyulmuş ilkin məskunlaşma zəminində yaranan Naxçıvan şəhərinin 5 min illik tarixə malik olması əsatirdən qat-qat çox real gerçəkliyi ifadə edir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan qalaları tariximizin öyrənilməsində mühüm mənbədir” mövzusunda məqaləsində isə qeyd olunur ki, Naxçıvanda qala tipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə yaranıb, sonrakı dövrlərdə bu tip yaşayış yerlərindən geniş istifadə olunub. Orta əsrlərdə qala tipli yaşayış yerləri Azərbaycan xalqının xarici işğalçılara qarşı mübarizəsində mühüm istinad nöqtələrindən biri olub. Yerli əhali özünü qorumaq üçün müdafiə qalaları yaradıblar. Belə qalalar adətən təbii qayalar üzərində qurulub. Bunlardan Əlincəqala, Oğlanqala, Çalxanqala, Berdiqala, Qalacıq, Qazançıqala, Vayxır qala, Nəhəcir qalası, Ordubad qalası və digərlərini göstərmək olar.

Bundan başqa, jurnalda akademik Nailə Vəlixanlının “Naxçıvanın hərbi-siyasi tarixində qalalar və şəhər-qalalar”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Kitabi-Dədə Qorqud dastanında, tarixdə və günümüzdə Əlincəqala”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın qədim qala şəhərləri” mövzularında məqalələri yer alıb. Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oqtay Bəllinin “Son tunc və erkən dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasındakı oxşarlıq”, Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnikin “Şərur vadisinin Son Tunc dövrü qalaları”, AMEA Naxçıvan Bölməsinin dosenti Firudin Rzayevin “Əlincə, Qazançı, Süzüt qala adlarının etimologiyası və tarixinə bir baxış” mövzularında çıxışları da qeyd olunan mövzunun araşdırılması baxımından maraqlı faktlarla zəngindir.

Jurnalın bu sayının əhəmiyyətini artıran məqamlardan biri də Naxçıvan qalaları ilə bağlı fotoların oxuculara təqdim edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.