SİYASƏT
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Naxçıvan, 1 yanvar, AZƏRTAC
2016-cı ildə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Müstəqillik illərində ölkəmiz sürətlə inkişaf edib, dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı əsl inkişaf və tərəqqiyə qovuşdurub.
Naxçıvan Muxtar Respublikası da müstəqillik illərində böyük inkişaf yolu keçib. Ötən il muxtar respublikada quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati binalar, yaşayış kompleksləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hərbi obyektlər tikilərək istifadəyə verilib, yollar çəkilib, tarixi abidələrimiz bərpa olunub. Quruculuq və inkişaf yeni ildə daha böyük uğurların qazanılacağından xəbər verir.
Naxçıvan şəhərində və rayon mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının qeyd olunması üçün hazırlıq işləri görülüb. Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulub, şəhər bayram libasına bürünüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 31-də axşam saatlarından başlayaraq Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunub, Vətənimizi, həmrəyliyi, Yeni ili tərənnüm edən mahnılar səslənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, sakinlər və şəhərin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini elliklə, böyük ruh yüksəkliyi ilə qarşılayıblar.