REGİONLAR


Naxçıvan şəhərində Milli Qurtuluş Günü münasibətilə yürüş keçirilib

Naxçıvan, 14 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də gənclərin Naxçıvan şəhərində yürüşü keçirilib.

Əvvəlcə yürüş iştirakçısı olan bir qrup gənc ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin gənc fəallarından və idmançılardan ibarət minə yaxın gənc Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev prospekti boyunca Heydər Əliyev Sarayına və geriyə qədər olan yolu Hərbi Orkestrin təntənəli marş sədaları altında nizami addımlarla qət ediblər.

Ulu Öndərin ali hakimiyyətə qayıdışı ilə tarixə yazılmış Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, vətənimizi qorumağa qadir olan nizami ordu yaranıb, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib, Vətəninə və dövlətinə sadiq gənclik yetişib. Ümummilli lider Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaradıb və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirib. Azərbaycan tarixinin 1969-cu ildən başlanan intibah dövrü 1993-cü ilin 15 iyununda özünün Milli Qurtuluş mərhələsinə yüksəlib.

15 İyun - Milli Qurtuluş Gününə Naxçıvandan hazırlanan zəmin isə müstəqil dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Ulu Öndərin istər ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tədbirlər, istərsə də ölkəmiz və xalqımız üçün ağır bir dövrdə – 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi zaman qəbul etdiyi tarixi qərarlar həqiqi dövlət müstəqilliyinin bünövrəsini yaradıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvanda müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunub, bununla da Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən ali hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimiz əbədi xarakter alıb.

Bu gün Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası özünün inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar da Milli Qurtuluşdan başlanan inkişafın davamıdır. Muxtar respublika gəncliyi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyə olunur, əsl vətəndaş kimi yetişir. Gənc nəslin təhsili, tərbiyəsi və sağlamlığının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir.

Yürüş Naxçıvan şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.