REGİONLAR
Naxçıvanda daxili bazar yüksək keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunur
Bu tədbirlərin davamı olaraq yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır
Kəngərli, 10 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri özəl sektorun inkişafı hesabına yerli istehsalın artırılmasıdır. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Muxtar respublikanın Kəngərli rayonun Böyükdüz kəndi ərazisində “Naxçıvan bağları” istixana kompleksinin fəaliyyətini genişləndirməsi həyata keçirilən tədbirlərin davamıdır.
Bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilib və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılıb. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlayıb. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılıb, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınıb. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunub ki, bunun da 600 min manatı daxili imkanlar hesabına ödənilib.
İstixana kompleksində Zirə, Tovuz sortu olan pomidor yetişdirilir. Məhsullar sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılır. Bu, muxtar respublikada həmin məhsula olan tələbatın müəyyən bir hissəsini ödəyir.
Artan tələbatın ödənilməsi və istixana kompleksinin fəaliyyətinin genişləndirilməsi məqsədilə 2014-cü ilin yanvar ayında daha bir biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunub. Ümumi dəyəri 3 milyon 150 min manat qiymətləndirilən layihənin reallaşması üçün 2 milyon 500 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi, qalan 650 min manatın isə sahibkarın daxili imkanları hesabına ödənilməsi nəzərdə tutulub. 2014-cü ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 2 milyon manat güzəştli kredit verilib və layihənin icrasına başlanılıb. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 min 620 kvadratmetr torpaq sahəsi ayrılıb, əraziyə “Qarabağlar” kəhrizindən 17 kilometr, Böyükdüz kəndi ərazisində yerləşən arteziandan isə 1,5 kilometr məsafədə plastik borularla su xətləri çəkilib, torpaq işləri görülüb, transformator yarımstansiyası qoyulubdur.
Kompleksin daxilindəki ayrı-ayrı bölmələrdə ümumi uzunluğu 26 min 600 metr olan 80 santimetrdən 1 metrədək dərinlikdə drenaj xətləri çəkilib, xüsusi örtükləri olan süzgəcli borular salınıb, mərkəzi xəttə birləşdirilib. Bu da yay mövsümündə suvarma zamanı torpağın tərkibində olan artıq suyun axıdılmasına, şoranlaşmanın qarşısının alınmasına, qış mövsümündə isə xüsusi pompalarla drenaj xəttinə vurulan isti hava ilə şitillərin vegetasiya dövrünün normal keçməsinə imkan verir.
İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılıb. Türkiyənin “Alarko” şirkətindən alınmış 6 ədəd sobanın 3-ü təbii qazla, 3-ü isə həm təbii qaz, həm də dizel yanacağı ilə işləyir ki, bu da müəssisəni fasiləsiz istiliklə təmin edir. İstixana kompleksinin gündəlik tələbatı nəzərə alınaraq, hər birinin tutumu 225 ton olan 4 yerüstü qapalı hovuz quraşdırılıb. Bu, su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayır. Burada su təchizatı mərkəzi idarəetmə sistemi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılır. Sutəmizləyici qurğudan keçdikdən sonra torpağın tərkibi haqqında laborator analizin cavablarına uyğun ayrı-ayrı çənlərdə hazırlanmış gübrələr suya əlavə olunmaqla istixanaya ötürülür və suvarma damcı üsulu ilə həyata keçirilir.
İstixana kompleksində toxumcücərtmə, şitilyetişdirmə, pomidor, xiyar, çiyələk, dibçək gül toxumları yetişdirilən ayrı-ayrı bölmələr və turşubağlama sahəsi yaradılıb. İllik istehsal gücü 1,2-1,5 milyon ədəd olan şitilyetişdirmə bölməsində istehsal olunan şitilin 250 min ədədi kompleksin daxili tələbatını ödəyir, qalan hissəsi isə muxtar respublikada fəaliyyət göstərən digər istixana komplekslərinə və fərdi torpaq mülkiyyətçilərinə satılır.
Toxumcücərtmə bölməsində tələbata uyğun olaraq, xüsusi qəliblərdə müxtəlif sort toxumlar cücərdilir. Çiyələkyetişdirmə bölməsində su kanalı ilə təchiz olunmuş novdanlarla üçmərtəbəli əkin sistemi quraşdırılıb, torpağa üzvi gübrə və torf qarışığı tökülərək əkin aparılıb.
İstixanada müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir. Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. Ümumiyyətlə, kompleksdə istehsal olunan məhsullar xaricdən idxal edilən eyniadlı məhsullardan xeyli keyfiyyətlidir.
İllik istehsal gücü min ton olan istixana kompleksinin fəaliyyətə başlaması qış aylarında daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradır. Artan tələbatın ödənilməsi üçün cari ildə istixana kompleksində 3 min kvadratmetr ərazidə çiyələkyetişdirmə sahəsinin yaradılmasına başlanılıb. Hazırda istixana kompleksində daxili suvarma şəbəkəsi və üçpilləli novdanlar qurulur. Türkiyənin SBR şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 48 min ədəd şitil alınıb gətiriləcək və bu ilin noyabr ayının 15-də əkiləcək. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan çiyələkyetişdirmə sahəsi qış mövsümündə bu məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradacaq, eyniadlı məhsulun idxal olunmasının qarşısını alacaq.
Yay mövsümündə də daxili bazarın tərəvəz məhsulları ilə təmin olunması diqqət mərkəzində saxlanılır. İstixana kompleksinin ətrafında yerləşən 10 hektar sahə icarəyə götürülüb və bu ərazidə pomidor, badımcan, bibər, qovun, qarpız əkilib. Yetişdirilən məhsul kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında münasib qiymətə alıcılara satılır. Hazırda istixana kompleksində payız-qış mövsümünə hazırlıqla əlaqədar torpaq qüvvətləndirmə işləri görülür, suvarılır, üzvi gübrə verilir və dincə qoyulmuş torpaqlarda şitillər əkilib-becərilir.
Böyükdüz istixana kompleksinin daxili bazarın yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təminatında, eləcə də əhalinin məşğulluğunda mühüm payı var. Burada 50 nəfər işlə təmin edilib ki, bu işçilərin də əksəriyyəti Böyükdüz kəndinin sakinləridir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu