İQTİSADİYYAT


Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb

Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC

İyunun 8-də İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilmış görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88 faiz, o cümlədən ixrac 4 dəfə, idxal isə 18 faiz artıb.

Nazir Ş.Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına böyük önəm verilir. Naxçıvanın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev bu baxımdan Muxtar Respublikanın potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə Prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb.

Türkiyə nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamlarının Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.

Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Türkiyənin İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.