REGİONLAR
Naxçıvanda meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi nəticəsində 100 min hektaradək əkin sahəsi suvarılıb
Naxçıvan, 3 avqust, AZƏRTAC
Naxçıvanda meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi nəticəsində təkrar suvarma da nəzərə alınmaqla, muxtar respublika üzrə 98 min 470 hektar əkin sahəsi suvarılıb. Su təsərrüfatlarından daha da səmərəli istifadə olunması məqsədilə “Kənd təsərrüfatı” ilində də cari təmir işləri sürətlə davam etdirilir və yeni su xətləri çəkilir.
AZƏRTAC xəbər verir ki, 2015-ci ilin birinci yarısında muxtar respublikanın rayon Suvarma Sistemləri idarələri tərəfindən çay və selovlarda istiqamətləndirici bəndlərin salınması davam etdirilib, sahilbərkitmə işi aparılıb, 84,25 kilometr beton və torpaq kanallar, 11,5 kilometr suvarma, 45,16 kilometr içməli su, 12,78 kilometr kaptaj, 17,95 kilometr təzyiqli boru xətləri təmir olunub, 47,16 kilometr yeni suvarma, 17,8 kilometr yeni içməli su, 6,7 kilometr yeni təzyiqli boru və 1,5 kilometr yeni kaptaj xətləri çəkilib.
Kəhrizlər İdarəsi tərəfindən 12 kəhrizdə təmir işləri aparılıb, 6 kəhrizdə təmir işləri başa çatdırılıb və 6 kəhrizdə bu işlər davam etdirilir.
Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 1,89 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi çəkilib, 50 ev kanalizasiya şəbəkəsinə qoşulub və 960 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Cari ilin birinci yarısında mövcud sututarlara 230,5 milyon kubmetr su yığılıb. Su istifadəçilərinə 170,97 milyon kubmetr suvarma suyu verilib.