SİYASƏT
Naxçıvanda yaz iməcilikləri davam etdirilir
Naxçıvan, 25 aprel, AZƏRTAC
Zəngin təbiətə malik olan Naxçıvanın yaşıllıq sahələri ilbəil genişləndirilir. Təbiətə qayğı ilə yanaşan, bu işdə öz səyini əsirgəməyən muxtar respublika ictimaiyyəti elliklə iməciliyə çıxır, yaşıllaşdırma tədbirlərində yaxından iştirak edirlər. Çəkilən zəhmətin nəticəsidir ki, artıq muxtar respublikada min hektarlarla yeni meyvə bağları ərsəyə gəlib. Son illər “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığında da iməciliklər yolu ilə geniş meyvə bağı salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 25-də muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində növbəti iməciliklər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin yaxınlığındakı meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.
Ötən iməciliklər dövründə 3,5 hektar ərazidə müxtəlif meyvə tingləri əkilib. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərərək suvarıb, ətrafda səliqə-sahman yaradıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.