CƏMİYYƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ordumuzun şanlı tarixindən, onun yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. O, dahi rəhbərin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu, onun böyük quruculuq yolu keçərək öz peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər an məhv etməyə hazır olan bugünkü yüksək səviyyəyə gəlib çatdığını vurğulayıb.
Nümayəndəliyin rəhbəri bildirib ki, ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi var.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün regionda maddi-texniki bazasına, müasir silahlara malik olmasına görə ən güclü ordudur. Ali Baş Komandan İlham Əliyev ordumuzun qüdrətini hər vasitə ilə artırmağa böyük önəm verir. Dövlət başçısının tez-tez cəbhə bölgəsinə səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə yenilməz inamı möhkəmləndirir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını deyən B. Əsgərov ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri artırdığını vurğulayıb.