CƏMİYYƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Heydər Əliyev Mərkəzində olub
Bakı, 13 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi fevralın 13-də Heydər Əliyev Mərkəzində olub.
Nümayəndəliyin kollektivinə Heydər Əliyev Mərkəzi və burada fəaliyyət göstərən muzey haqqında məlumat verilib. Bildirilib ki, müasir müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Möhkəm təməl və milli dəyərlər üzərində müasir dövlətin qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam şəkildə bərqərar olmasına baxmayaraq, bu işlərin vahid mərkəzdən istiqamətlənməsinə ehtiyac duyulurdu. Bu zərurətdən irəli gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamına əsasən Bakıda Heydər Əliyev Mərkəzi yaradılıb.
Mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.
Bildirilib ki, mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, Sərgi zalları və Auditorium. Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir.
Diqqətə çatdırılıb ki, mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də Ümummilli Liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.
Muzeyin “Beynəlxalq əlaqələr” bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.
Muzeydə Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar arasındadır.