REGİONLAR
Neftçalada payızlıq taxıl əkini başa çatıb
Neftçala, 7 yanvar, Mahir Babayev, AZƏRTAC
Taxılçılıq Neftçalada aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə ayırdığı subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 46 min 222 hektar taxıl sahəsindən 104 min 996 ton məhsul götürülüb. Bunun da 88 min 502 tonu arpa, 16 min 494 tonu buğda olub. Rayon taxılçıları cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq səpinə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 49 min 942 hektar sahədə səpin apararaq, payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər.
Payızlıq taxıl əkini kampaniyasında rayonun Xolqarabucaq, Aşağı Qaraimanlı, Xolqaraqaşlı və Boyat inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusilə fərqləniblər.