CƏMİYYƏT
Neftçalada qanunsuz qum daşıyanlar cərimə olunacaqlar
Bakı, 29 iyun, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Şirvanlı kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb. Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Neftçala Rayon Polis Şöbəsinə və Şirvanlı kəndinin də daxil olduğu Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub.
Sözügedən ərazi nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.