CƏMİYYƏT
Nərimanov rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin açılması təmin edilib
Bakı, 6 mart, AZƏRTAC
Paytaxtın Nərimanov rayon hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin açılması təmin edilib.
Bakı Şəhər Baş Polis idarəsinin və şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Bəxtiyar Mayıl oğlu Əliyevin bədəni üzərində zorakılıq əlamətləri olan cəsədinin aşkar edilməsi faktına görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini Nicat Əliheydar oğlu Məlikov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. N.Məlkov həyata keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı mərhuma məxsus mobil telefon, kompyuter və digər əşyaları istintaq orqanına təqdim edib və həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.