CƏMİYYƏT
Nərimanov rayonundakı yaşıllıq zolağında növbəti iməcilik
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində mayın 6-da növbəti iməcilik keçirilib.
İməcilikdə Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin iştirakçıları ərazini tullantılardan təmizləyib, mövcud yaşıllığa aqrotexniki qulluq göstərib və burada 350-dən artıq müxtəlif növ ağac və kollar əkiblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən ənənəvi olaraq keçirilən bu iməcilik ölkəmizdə geniş vüsət almış yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.
Əli Əhmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verdiyini vurğulayıb.
Qeyd edək ki, artıq yeddi ildir ənənəvi olaraq davam edən ağacəkmə kampaniyası nəticəsində rayonda 15 hektar ərazidə 5 mindən çox ağac və bəzək kolu əkilib.
Ölkəmizdə yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, şəhərin ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında təbiətə qayğı hissinin təbliği istiqamətində son illərdə geniş tədbirlər həyata keçirilir. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyi də fəal rol oynayır. Bu qurum tərəfindən ekologiya ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirilir.