CƏMİYYƏT
Nəsimi rayon məktəblilərinin Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunub
Bakı, 4 avqust, AZƏRTAC
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 rayon məktəblisinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-parka ekskursiyası təşkil olunub. AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Məktəbliləri Zirə Mədəniyyət Mərkəzinin Qalereya–yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları Eko-Park haqqında məlumat veriblər. Qeyd edilib ki, Eko-park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50 mindən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol və milyona yaxın çiçək və gül əkilib. Eko-parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb olub.
Ekzotik quşlardan yaradılan Quş parkına tamaşa etmək məktəblilərdə xoş təəssürat oyadıb. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlarda və trenajor qurğularında əyləndikdən sonra nahar süfrəsində əyləşiblər.
Ekskursiyanın sonunda məktəblilər Zirə Cinemada uşaq filminə tamaşa ediblər.