CƏMİYYƏT
Nəsimi rayonunda keçirilən “Şahinlər” hərbi idman və turizm oyunlarının finalında 400 şagird iştirak edib
Bakı, 21 aprel, AZƏRTAC
“Şahinlər” hərbi-idman və turizm oyunlarının Nəsimi rayonu üzrə final mərhələsi keçirilib.
Yarışlarda rayonunun 26 orta ümumtəhsil məktəbinin 400-dək şagirdi iştirak edib.
Nəsimi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən ”Şahinlər” hərbi-idman və turizm oyununda məqsəd böyüməkdə olan gənc nəsli yüksək hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, eləcə də onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
Yarışların açılışında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Son illərdə milli ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar bu sahənin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu göstərir.
Rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev bildirib ki, məktəblilər müxtəlif olimpiadalarda, idman oyunları və müsabiqələrdə uğurla çıxış edərək yüksək nəticələr qazanıblar. Ənənəvi olaraq hər il keçirilən “Şahinlər” hərbi-idman və turizm oyunu gənclərin ordu sıralarına hazırlanmasında böyük rol oynayır.
Sonra 26 komanda arasında yarışlara start verilib.
Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçiblər.
Yarışa qatılan VIII-X sinif şagirdləri idmanın müxtəlif növləri üzrə iki mərhələdə qüvvələrini sınayıblar.
Qalib gələn komanda Bakı şəhəri üzrə zona birinciliyində iştirak edəcək.