CƏMİYYƏT
Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib və yeni park istifadəyə verilib
Bakı, 10 may, AZƏRTAC
Nəsimi rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməcilik keçirilməsinin məqsədi rayon ərazisində yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.
Rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Hacıbəyli küçələrində, park və bağlarda 45 min gül kolu, 500-dən artıq şam və sərv ağacları budanıb, 1500 kvadratmetrdən çox ərazidə çəmən otu səliqəyə salınıb.
Genişmiqyaslı yaşıllaşdırma və abadlıq işlərində rayon sakinləri, idarə və təşkilatların nümayəndələri fəal iştirak ediblər.
Ümummilli liderin 94-cü ildönümü günü rayonun Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə verilib. Parkda sakinlərin istirahəti, asudə vaxtlarını səmərəli keçirməsi üçün avadanlıq və qurğular, gecə işıqlandırma sistemləri quraşdırılıb, sakinlərə ictimai iaşə xidməti göstərmək üçün şərait yaradılıb.
Parkın açılışı münasibətilə təşkil edilən tədbirdə uşaqlar mahnı və rəqslər ifa ediblər.