ELM VƏ TƏHSİL
Nəzarətçi-müəllimlər üçün seminarlar təşkil edilib
Bakı, 10 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Qaradağ, Nərimanov və Yasamal rayonları üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu qurumun mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş seminarlara Qaradağ rayonunun 10 təhsil müəssisəsindən 148, Nərimanov rayonunun 25 təhsil müəssisəsindən 383, Yasamal rayonunun 22 təhsil müəssisəsindən 300 nəzarətçi-müəllim cəlb edilib. Bu rayonlar üzrə “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”nə daxil edilmiş nəzarətçi-müəllimlərdən 45-i müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyib. Bu şəxslər qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət olunublar.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.
Nəzarətçilərin imtahan prosesi ilə əyani tanış olması məqsədilə imtahan texnologiyasına aid film göstərilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib.
Eyni zamanda, rayon üzrə zal nəzarətçiləri üçün keçirilən onlayn testin nəticələri müzakirə olunub, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
İştirakçılar TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda qazandıqları nəzəri biliklərin təcrübədə tətbiqinə imkan yaradacaq. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb ediləcəklər.