CƏMİYYƏT
Nizami rayonunda gənclər həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola salınıblar
Bakı, 1 iyul, AZƏRTAC
Nizami rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimi valideynlərin və çağırışçıların ruh yüksəkliyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun hərbi komissarı Rövşən Babayev, həmçinin çağırışçıların valideynləri müstəqil respublikamızda ordu quruculuğundan, bu sahədə aparılan uğurlu islahatlardan danışıb və bu şərəfli yolda gənclərə müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu göstərir. Bu yaxınlarda ordumuzun cəbhədə düşmənə layiqli cavabı bunu bir daha sübut etdi.
Çağırışçılar da çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Onlar hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiklərini bildirib, Vətənə şərəflə xidmət edəcəklərini deyiblər.
Sonra gənclər tədbir iştirakçılarının xeyir-duası ilə hərbi hissələrə yola düşüblər.