DÜNYA
Növbəti BRİCS zirvə görüşü sentyabrda Çində keçiriləcək
Pekin, 24 fevral, AZƏRTAC
BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü sentyabrın 3-5-də Çinin Siamen şəhərində keçiriləcək.
Bu barədə Çin Xalq Respublikasının dövlət müşaviri Yan Cieçi BRİCS ölkələrinin nümayəndə heyətlərinin Çinin Nankin şəhərində keçirilən görüşündə bəyan edib. Növbəti zirvə görüşü “BRİCS: Daha parlaq gələcək üçün daha möhkəm tərəfdaşlıq” devizi altında keçiriləcək.
Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadi sahə üzrə nazirləri 2006-cı ildə Sankt-Peterburq iqtisadi forumu zamanı yeni əməkdaşlıq formatının (BRİC) yaradılması barədə qərara gəliblər. 2011-ci ildə Cənubi Afrika Respublikasının qrupa qoşulması ilə BRİCS adı alıb. Dövlət başçılarının ilk zirvə görüşü 2009-cu ildə təşkil edilib. Paralel olaraq xarici işlər və maliyyə nazirlərinin görüşləri keçirilir. Qrupa üzv dövlətlər inkişaf etməkdə olan ölkələr olsalar da, ümumu daxili məhsulun həcminə görə (CAR istisna olmaqla) dünyanın ilk 10-luğundadırlar. BRİCS-ə üzv ölkələrin payına dünya ərazisinin 26 faizi, əhalisinin 42 faizi, ümumi daxili məhsulunun (ÜDM) isə 27 faizi düşür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin