REGİONLAR
“Nuh yurdu” intellektual oyunu üzrə Şahbuz rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Şahbuz, 30 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən “Araz” kinoteatrında yeniyetmələr arasında keçirilən “Nuh yurdu” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev və Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov çıxış edərək, oyunun keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verib, komandalara uğurlar arzulayıblar.
Sonra oyuna start verilib. Oyun yarımfinal və final mərhələlərindən ibarət olub. Səkkiz komandanın iştirak etdiyi oyunun yekun nəticəsinə görə Kolanı kənd tam orta məktəbin “Kolanı” komandası I, Kükü kənd tam orta məktəbin “Möminə xatın” komandası II, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin “İldırım” komandası isə III yerə layiq görülüb.
Qalib gələn komandalara təşkilatçıların diplom, kubok, fəxri fərman və bilik yarışması kitabları təqdim olunub.