DÜNYA
ÖZBƏKİSTAN TRASEKA LAYİHƏSİNİN İŞTİRAKÇISI OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜNÜ KEÇİRƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Özbəkistan xarici işlər naziri Sadıq Safayevin jurnalistlərə verdiyi məlumata görə, rəsmi Daşkənd TRASEKA nəqliyyat dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin dövlət başçılarının görüşünü keçirmək təşəbbüsünü irəli sürmüşdür. Nazir qeyd etmişdir ki, Özbəkistan artıq Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, İran, Əfqanıstan və başqa ölkələrin başçıları ilə danışıqlar aparmışdır. Sammitin 2004-cü ilin ikinci yarısında Daşkənddə keçirilməsi ideyasını Avropa İttifaqında da bəyənmişlər.
Hazırda İsveçrə, Almaniya və Fransanın dövlət başçıları ilə danışıqlar gedir.
S.Safayevin fikrincə, sammitdə tranzit daşımaları və tarif qaydaları haqqında razılıq əldə olunsa, ticarətin genişləndirilməsi üçün hüquqi-normativ baza yaradıla bilər.