CƏMİYYƏT
Oktyabrda Dövlət Miqrasiya Xidmətinə vətəndaşlığı olmayan şəxslər tərəfindən 10 min 807 müraciət edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Oktyabrda Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ay ərzində 2299 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 18-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 212 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Bundan başqa, 1576 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi, 493 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10 min 807 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 45 min 874 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 6 maarifləndirmə tədbiri keçirilib.
Qanunsuz miqrasiyaya qarşı DMX tərəfindən keçirilmiş tədbirlər zamanı Pakistan İslam Respublikasının üç, Banqladeş Xalq Respublikasının isə 4 vətəndaşı saxlanılıb.
Araşdırma zamanı Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddin və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirdikləri müəyyənləşdirilib. Bu şəxslər Azərbaycana yalan vədlərlə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər. Öz qanunsuz əməllərini Azərbaycanda əyani təhsil ilə pərdələməyə çalışan Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddinin həmvətəni Miah Tanıma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2 min manat tələb etdiyi məlum olub.
Eyni zamanda Rony MD Iftekjeir Uddin ilə əlbir olan Latif Muhammadın Pakistan vətəndaşı Tariq Muhammad Hassana müvəqqəti yaşama icazəsi alınması üçün onun Azərbaycan vətəndaşı Zəhra Allahverdi qızı Əliyeva ilə məqsədli nikaha daxil olmasını təşkil etdiyi müəyyənləşib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Muhammadın ona Tariq Muhammad Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib. Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin sonradan ortaya çıxan bir sıra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəsmiləşdirə bilmədikləri qeyd edib. Bununla yanaşı Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib.
Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MD Iftekjeir Uddinin əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.