İDMAN


“Olimpiya hərəkatı” proqramı üzrə respublika birinciliyinin final mərhələsinin püşkü atılıb

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin “Olimpiya hərəkatı” proqramı çərçivəsində respublika birinciliyinin final mərhələsinin püşkatma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, yanvarın 5-dən məktəbdaxili mərhələ ilə start götürən proqram Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Göygöl rayonunun məktəblərini əhatə edir.

Məktəblilər proqrama daxil olan beş idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışırlar.

Ümumilikdə 406 məktəbin iştirak etdiyi yarışların final mərhələsinə paytaxtdan 60, bölgələrdən isə 20 komanda vəsiqə qazanıb.

Voleybol, basketbol və badminton idman növləri üzrə keçirilən püşkatma mərasimində Milli Olimpiya Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, “Coca-Cola” şirkətinin rəsmiləri və finalda çıxış edəcək komandaların məşqçiləri iştirak ediblər.

Püşkatmadan sonra nəticələr və final mərhələsinin proqramı iştirakçılara təqdim olunub.

Final oyunları iyunun 4-6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Final oyunlarının ilk günündə ümumi yarışlar, iyunun 5-də isə yarımfinal və final görüşləri baş tutacaq. Qarşılaşmalar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

Layihənin bağlanış mərasimində isə hər növ üzrə ilk üçlüyə çıxan komandalar təltif ediləcəklər.

“Olimpiya hərəkatı” ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, Olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir. Azərbaycanda icrasına 2015-ci ildə başlanılan proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.