CƏMİYYƏT
Ölkədə 14 min 400 nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilir
Bakı, 27 may, AZƏRTAC
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14 min 400 nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin xətti ilə 11 min 300 nəfərə yaxın tənha ahıl və əlilliyi olan şəxs evlərində səyyar formada, təqribən 1100 nəfər insan isə sosial xidmət müəssisələrində stasionar şəraitdə bu xidmətlərlə təmin olunur. Nazirliyin sosial sifarişləri əsasında isə müxtəlif layihələr üzrə il ərzində 2 min nəfərdən çox ehtiyacı olan şəxsə QHT-lər tərəfindən reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.
Son illərdə Azərbaycanda sosial təminat sisteminin müasir tələblərə uyğun səviyyədə təkmilləşdirilməsi və səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib. Sosial təminat sisteminin vacib sahələrindən biri olan sosial xidmətlər sahəsində də bir sıra layihələr icra olunub, sosial xidmətlər sisteminin də qabaqcıl dünya təcrübəsinə uyğun qurulması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq “sosial işçi” modeli əsasında təkmilləşdirilməsi işləri aparılıb.