MƏDƏNİYYƏT
Ölkəmiz Frankfurtda keçirilən beynəlxalq kitab sərgi satış-yarmarkasında təmsil olunacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 14-dən 18-dək Almaniyanın Frankfurt - Mayn şəhərində dünyanın ən nüfuzlu beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurum hər il xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təmsil və təbliğ edir.
Beynəlxalq sərgilər sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə demək olar ki, bütün ölkələrdən iştirakçılar qatılır.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmiz indiyə kimi bu sərgidə bir neçə dəfə təmsil olunub. Azərbaycan stendi və buradakı kitablar hər zaman istər əcnəbilərin, istərsə də xaricdə yaşayan türkdilli xalqların geniş marağına səbəb olub, çoxlu sayda ziyarətçi cəlb edib.
Keçiriləcək sərgidə 60 kvadratmetrlik ərazidə, xüsusi dizaynlı stendlə təmsil olunmağımız Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı müvafiq tədbirin keçirilməsi, kitab və digər nəşr məhsullarının, Azərbaycan yazıçıları ilə görüşlərin, kitab təqdimatlarının təşkili mədəniyyətimizin təbliğatı baxımından uğurlu imkan yaradır.