CƏMİYYƏT
Ölkəmizdə inklüziv təhsilin inkişafı daim diqqət mərkəzindədir
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də “Buta” körpələr evi-uşaq bağçasında “İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla korreksiya işinin təşkilində özəl uşaq bağçalarının rolu: problemlər və perspektivlər” mövzusunda təlim-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar.
Tədbir “Əlillərin cəmiyyətə inteqrasiyası” İctimai Birliyinin “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil edilib.
Seminarda “Buta” körpələr evi-uşaq bağçasının müdiri, psixoloq Günay Ağamalı çıxış edərək bildirib ki, cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahının yüksəldilməsi məsələsi dövlətimizin daim diqqət mərkəzindədir.
G.Ağamalı rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsində sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən söz açıb. Vurğulanıb ki, bağçada sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün mütəmadi maarifləndirici tədbirlər, təlimlər təşkil edilir.
“Əlillərin cəmiyyətə inteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı bildirib ki, seminarın keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, həmçinin bu cür insanların fəallığını artırmaq, onların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesini sürətləndirməkdir.
Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanova “Məktəbəqədər təhsil müəssisələrində surdopedaqoji, loqopedik və psixoloji xidmətlər: mövcud çətinliklər, səbəbləri və həlli yolları” mövzusunda təqdimatında sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlb edilməsinin vacibliyini vurğulayıb, bu sahədə yaranan çətinliklərdən söz açıb.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqabil Mahmudov, Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev və başqaları müasir dövrdə ölkəmizdə təhsil siyasətinin prioritet məsələlərindən sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsi istiqamətində görülən işlərdən, dövlətimizin inklüziv təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıblar.