CƏMİYYƏT
Ölkəmizdə tolerantlıq mühitini pozmağa yönələn əməllər Xətai rayonunda da qətiyyətlə pislənilib
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Xətai rayonunda yerləşən 5 nömrəli peşə liseyində rayon ağsaqqalları və din xadimlərinin iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısının müavini Qafur Rəhmanov çıxış edərək bir qrup təxribatçı tərəfindən ölkəmizdə sabitliyi pozmaq məqsədilə İslam dininin humanist dəyərlərinə zidd olan iğtişaşlar törədildiyini bildirib. Hadisələr zamanı hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silahdan istifadə edilib, nəticədə günahsız vətəndaşlarımız həlak olub. Qeyd edilib ki, dövlətin dini dəyərlərə bu qədər diqqət və hörmət göstərdiyi bir vaxtda belə hadisələr əslində müstəqilliyimizə, sabitliyi pozmağa yönəlmiş qəsddir. Belə hərəkətlər isə respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da qətiyyətlə pislənir.
Tədbirdə Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov, rayon ağsaqqallar şurasının sədri Qurbanəli Əlizadə, 138 nömrəli məktəbin direktoru Mirfaiq Heydərli, Əhmədli icmasının sədr müavini Məmmədəli Məmmədov, ziyalılar və din xadimləri çıxış edərək noyabrın 26-da Nardaran qəsəbəsində Taleh Bağırzadə və himayədarları tərəfindən törədilmiş cinayət əməllərini birmənalı şəkildə pisləyiblər. Baş vermiş hadisəyə hüquq mühafizə orqanları tərəfindən lazımi qiymət verilməsini, cinayət əməli törədənlərin tezliklə məsuliyyətə cəlb olunaraq ciddi tədbirlər görülməsini tələb ediblər.