CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində Səbail rayonunun 40 məktəblisi iştirak edir
Bakı, 17 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 məktəblisi bu gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər.
Tur-aksiya iştirakçılarının yola salınması ilə bağlı “Sahil bağı”nda mərasim təşkil olunub. Məktəblilərin, valideynlərin, rayonun orta məktəb kollektivlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, bu layihə gənclərimizə həm ölkәmizin tarixini dәrindәn öyrənmək, həm də ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Qeyd olunub ki, gənclər Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında tarixi abidələrə, muzeylərə, parklara baş çəkəcək, həmçinin digər görməli yerlərə və yeni müəssisələrə ekskursiya edəcəklər. Tur-aksiyanın proqramına Gəncə şəhərindəki Cavadxan məqbərəsi, Cümə və Şah Abbas məscidləri, Xan bağı, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Gəncə avtomobil zavodu, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi, Göygöl milli parkı və digər yerlər ilə tanışlıq daxildir.
Mərasimdə çıxış edən pedaqoji kollektivlərin nümayəndələri, məktəblilər və onların valideynləri belə bir mühüm və bənzərsiz tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər onlar üçün ayrılmış xüsusi avtobusla yola salınıblar.