QAN YADDAŞI
“Ölməzlər”in nümayişi maraq doğurub
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali təhsil ocağının YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin YAP Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi növbəti soyqırımı olduğunu vurğulayıb. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.
Natiq vurğulayıb ki, bu gün dünyanın 20-dən çox ölkəsi Xocalı faciəsini tanıyır. O cümlədən ABŞ-ın 20-dək ştatında bu faciənin erməni vandalları tərəfindən törədildiyi təsdiqlənib.
Tədbirdə Yasamal Rayon YAP Qadınlar Şurasının sədri Tamella Şahbazova, universitetin prorektoru Arif Şərifov, Əməkdar Artist Aybəniz Həşimova və başqaları Ermənistanın öz havadarlarının köməyi ilə Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirdiyini, Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən digər rayonlarımızı da işğal etdiyini bildiriblər. Vurğulanıb ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.
Tədbirdə Xalq Artisti Eldost Bayram şəhidlərə həsr edilmiş şeirləri səsləndirib.
Sonda şəhid Xalid Quliyevin xatirəsinə həsr olunmuş “Ölməzlər” filmi təqdim olunub. Rejissoru Şahin Qəhrəmanoğlu olan film Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təşkilati dəstəyi ilə çəkilib. Xalid Quliyev bu qurumun əməkdaşı olub və oradan da Vətənin müdafiəsinə yollanıb.
Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.