CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib
Bakı, 24 fevral, AZƏRTAC
Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 22-də saat 19:20 radələrində Həsənov Bağı Məmmədhəsən oğlunun idarə etdiyi “VAZ-21093” markalı 50-BR-163 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada, 1960-cı il təvəllüdlü Səmiyeva Dəstəgül Əzməmməd qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.
B.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə B.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.