CƏMİYYƏT
Ombudsman Aparatının nümayəndələri BMT-nin İşçi Qrupunun sessiyasında iştirak ediblər
Bakı, 5 may, AZƏRTAC
Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının İnkişaf Hüququ üzrə İşçi Qrupunun 16-cı illik sessiyası keçirilib.
Sessiyada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Zaur Əliyev və baş məsləhətçisi Elmin Cəfərov da iştirak ediblər.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, sessiyada inkişaf hüququnun meyarları və qrupun səmərəliliyinin artırılması üçün hazırlanmış çərçivə sənədləri ilə bağlı müzakirələr aparılıb.
İşçi Qrupa üzv olan nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, müxtəlif QHT-lərin, Milli İnsan Hüquqları təsisatlarının nümayəndələrinin iştirak etdikləri 16-cı sessiyada BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad Əl-Hüseyn açılış nitqi ilə çıxış edib.
Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev sessiyada çıxış edərək inkişaf hüququnun insanın ayrılmaz hüququ olduğunu deyib. O, buna müvafiq olaraq hər bir insanın iqtisadi, sosial, mədəni və siyasi inkişafda iştirak və onun faydalarından istifadə hüququna malik olduğunu bildirib. Azərbaycanda iqtisadiyyatın yüksək templə inkişaf etdiyi, iqtisadi tərəqqinin insan hüquqlarının təmin olunmasına müsbət təsir göstərdiyi, bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də davamlı islahatların aparıldığı, Ombudsman təsisatının insan hüquqları, o cümlədən inkişaf hüququ sahəsində uğurlu fəaliyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Ombudsman Aparatının əməkdaşları BMT-nin insan hüquqları üzrə ali komissarı Z.R. Əl-Hüseynlə görüşüb və ombudsmanın inkişaf hüququ sahəsində fəaliyyəti ilə bağlı bəyanatının mətnini ona təqdim ediblər.
Ombudsman Aparatının müxtəlif hüquqi nəşrləri tədbir iştirakçıları arasında paylanılıb.