CƏMİYYƏT
On yaşında qızların yarıdan çoxu gender bərabərsizliyinin hökm sürdüyü ölkələrdə yaşayır
Bakı, 21 oktyabr, AZƏRTAC
Dünyanın bəzi ölkələrində 10 yaşında qızlar üçün hər cür şərait yaradılıb. Bu, onların təhsilinə, gələcəkdə işləməsinə və həyatına müsbət təsir göstərir. Bir sıra ölkələrdə isə 10 yaşında qızı ərə vermək, təhsildən məhrum etmək, uşaq doğmağa məcbur etmək və faktiki olaraq ərinin köləsinə çevirmək olar.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikri BMT baş katibinin müavini, Əhali Fondunun (UNFPA) icraçı direktoru Babatunde Osotimexin səsləndirib. Onun təqdim etdiyi UNFPA-nın məruzəsində bildirilir ki, 60 milyon onyaşlı qızın yarıdan çoxu gender bərabərsizliyinin hökm sürdüyü 48 ölkədə yaşayır.
UNFPA-nın builki məruzəsi 10 yaşında qızların hüquqlarının müdafiəsinə həsr edilib. Bu yaşda qızın hüququ lazımi səviyyədə qorunmasa, o, nə yeniyetmə, nə də sonrakı dövrdə tamdəyərli həyat sürə bilməyəcək. Məruzənin müəllifləri xatırladırlar ki, 2030-cu ilədək dayanıqlı inkişafın gündəliyində hamı üçün, o cümlədən 10 yaşında qızlar üçün firavan gələcək qurulması nəzərdə tutulur.
Bu gün 10 yaşlı qızların yaşadıqları mühitdən - inkişaf etməkdə olan və ya inkişaf etmiş ölkələrdə, şəhər, kənd və ya qaçqın düşərgəsində, zəngin və ya yoxsul ailədə yaşamalarından asılı olmayaraq gələcək haqqında öz ümid və arzuları var.
Məruzədə qeyd edilir ki, hazırda 6-11 yaş arasında 16 milyon qız məktəbə getmir, bu isə qızlarla həmyaşıd oğlanlardan iki dəfə çoxdur. Hər gün təxminən yaşı 18-ə çatmamış 50 milyon qız ərə gedir.
Hazırda 10 yaşında on qızdan orta hesabla hər doqquzu inkişaf etməkdə olan ölkələrdə, hər beşincisi Hindistanda, hər səkkizincisi Çində yaşayır.