CƏMİYYƏT
Ordumuzun zəfərlərində əsas amillərdən biri də milli vətənpərvərlik ruhudur
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımı ilə icra olunan “Mən Vətən torpağı, Vətən daşıyam” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin dəstəyi ilə icra olunan layihə çərçivəsində keçirilən tədbirdə nazirliyin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, incəsənət xadimləri, tanınmış idmançılar, o cümlədən ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev iştirak ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan Ordusunun zəfərlərində əsas amillərdən birinin də xalqımızın zəngin milli mənəvi dəyərləri və sarsılmaz vətənpərvərlik ruhu olduğunu bildirib. Qeyd edib ki, əsgər və zabitlərimiz hərbi vətənpərvərlik ruhunda yazılan mahnıları dinlədikcə onların qələbə əzmi, ruh yüksəkliyi daha da artır. R.Əliyev məhz bu baxımdan belə layihələrin əhəmiyyətini xüsusi vurğulayıb və bu cür təşəbbüslərin davamlı olmasının zəruriliyini qeyd edib.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər natiqlər çıxışlarında Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu layihənin də əsgər və zabitlərimizin döyüş ruhunun daha da yüksəldilməsi işinə töhfə verməsi baxımından önəmi qeyd olunub.
Tədbirdə çıxış edən İlahə Qismət müəllifi olduğu layihənin həyata keçirilməsində əməyi keçən şəxslərə minnətdarlığını bildirib.
Sonra layihənin müəllifi İlahə Qismət və Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin “Vətən naminə” medalı ilə təltif olunublar.
Xalq Artisti Zümrüd Məmmədova, Əməkdar Artist Heydər Anatollu, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının rəhbəri və kollektivi, habelə digər iştirakçılar fəxri fərmanlarla təltif ediliblər.
Tədbir konsert proqramı ilə davam edib.