CƏMİYYƏT
Ötən 22 ildə YAP qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlib
Sumqayıt, 21 noyabr, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 22 illiyi münasibətilə tədbir keçirilib.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev tədbirdə çıxış edərək deyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində yaradılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində bütün xalqın arzu və istəyinin ifadəsi idi.
Bildirilib ki, Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanlarının imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi və səs çoxluğu ilə Heydər Əliyevi sədr seçdi.
Məlumat verilib ki, hazırda YAP Qubadlı rayon təşkilatının 3200-dən çox fəal üzvü var.
Digər çıxış edənlər deyiblər ki, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Diqqətə çatdırılıb ki, ötən 22 ildə YAP qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlib.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf gedir. Qubadlılı məcburi köçkünlər dövlətimizin başçısının rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaqlarına inanırlar.
Sonra YAP Qubadlı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar, partiyanın sıralarına yeni qəbul olunanların bir qrupuna isə üzvlük vəsiqələri verilib.