CƏMİYYƏT
Ötən ay ƏƏSMN 10 minədək vətəndaş müraciətini cavablandırıb
Bakı, 3 avqust, AZƏRTAC
İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" tərəfindən 9716 müraciət cavablandırılıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, həmin müraciətlərin 4194-ü (43,2 faiz) sosial təminat, 2343-ü (24,1 faiz) əmək qanunvericiliyi, 1295-i (13,3 faiz) elektron xidmətlərdən istifadə, 1157-si (11,9 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-si (7,5 faiz) isə məşğulluq məsələlərini əhatə edib. Müraciətlərin 9080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. Vətəndaşları maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə dolğun izahatlar verilməklə cavablandırılıb.
Müraciətlərin 636-da (6,1 faiz) vətəndaşlar əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər. Həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılaraq cavablandırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.