CƏMİYYƏT
Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb. Onların 22-si Azərbaycan, 5-i Özbəkistan, 2-si İran, 2-si Tacikistan, 2-si Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kiloqram 740,8 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ov tüfəngi, 174 min ABŞ dolları, 7 kiloqram əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 min 45 ədəd zəli, 5 qayıq, 5293 qutu pirotexniki vasitə, 13 min 720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.