CƏMİYYƏT
Ötən il Azərbaycanda ciddi meşə yanğınları olmayıb
Bakı, 17 fevral, AZƏRTAC
Ötən il ərzində müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 154619 manat ziyan məbləğində 22253 kubmetr həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanunauyğun tədbirlər görülüb. Aktlaşdırılan meşəpozmalarına görə hesablanan ziyandan (154619 manatdan 118358 manatı) 62 faizi ödənilib, təqsirkar şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədi ilə 144 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən məlumat verilib.
Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun tələblərinə uyğun olaraq, hər ildə olduğu kimi cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilib. Belə ki, əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, bir çox yerlərdə meşə ətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqlar çəkilməsi) həyata keçirilib, gündəlik növbətçiliklər təşkil edilib. Odur ki, havaların uzun müddət quraqlıq keçməsinə baxmayaraq, ciddi meşə yanğınları olmayıb. Ötən il ərzində iki müəssisədə cəmi 0,7 hektar sahədə meşə yanğınları baş verib ki, onlar da operativ qaydada söndürüldüyündən meşələrə ciddi ziyan dəyməyib.
2016-cı il ərzində müəssisələr üzrə 32708 kubmetr həcmində oduncaq tədarük olunub. Meşə fondu torpaqlarının istifadəsi ilə əlaqədar ümumi sahəsi 379 hektar olmaqla fiziki və hüquqi şəxslərlə 136 müqavilə bağlanılıb.