CƏMİYYƏT
Ötən il avtomobil yolları kənarında 255 minə yaxın ağac və kol əkilib
Bakı, 11 fevral, AZƏRTAC
“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 kilometr magistral avtomobil yolunun, 1829 kilometr isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə isə 3380 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci il ərzində I Avropa Oyunlarının yol şəbəkəsinə daxil olan Bakı Dairəvi-I avtomobil yolunda 6000 ədəd, Zığ dairəsi - Hava Limanı avtomobil yolunda 9000 ədəd, Heydər Əliyev və Babək prospektləri, Yusif Səfərov küçəsindəki yol qovşaqlarının ərazilərində, “Qələbə” kinoteatrı qarşısındakı meydanda və İnşaatçılar prospektində (“Statistika dairəsində”) 2000 ədəd kol bitkisi, 6000 ədəd gül kolu və 12000 kvadratmetr qazon otu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilərək, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
2015-ci il ərzində respublika üzrə 74 630 ədəd ağac, ümumilikdə 424,8 hektar ərazidə 254 min 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 92 min 300 ədəd ağac və kol bitkisi, o cümlədən 895 min 625 ədəd çoxillik ağac mövcuddur.