MƏDƏNİYYƏT


“Öz məşəlini alovlandır!”
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “EuroClub”da görülmüş işlərlə tanış olmuşdur

Bakı, 11 may (AzərTAc). Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olmuşlar.
AzərTAc xəbər verir ki, burada Mehriban xanım Əliyevaya “EuroClub”da görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. “EuroClub”un məqsədi bütün “Eurovision-2012” yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçiləri “EuroClub”dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər. Başqa sözlə, iştirakçılar onların ixtiyarına veriləcək bu möhtəşəm səhnədə mahnılarını ifa edib fanatları və nümayəndə heyətlərinin üzvləri ilə əlavə təmasda olacaqlar. Burada, həmçinin hər bir nümayəndə heyəti öz gecələrini keçirəcəklər. İştirakçılar böyük səhnəsi olan “EuroClub”da disko-zalın, barın və restoranın xidmətindən yararlana biləcəklər.
Məlumat verilmişdir ki, hər gün “EuroClub”da musiqiçilərin ifasında canlı və dicelərin (dj) ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou proqramlar təqdim ediləcəkdir. Bu da Bakı “EuroClub”unun özəlliklərindən biridir. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı “EuroClub”u uzun müddət “Eurovision” fanatlarının və iştirakçılarının yadında qalacaqdır.
Bildirilmişdir ki, eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da bir neçə rəsmi ziyafətin - “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulmuşdur.
“EuroClub”da görülmüş işlərlə yaxından tanış olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirmişdir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır