DÜNYA
Özbəkistan parlament seçkilərinə tam hazırdır
Daşkənd, 17 dekabr, AZƏRTAC
Dekabrın 21-də Özbəkistan Ali Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Daşkənddəki Milli Mətbuat Mərkəzində səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq müşahidəçilər və jurnalistlər üçün brifinq keçirilib.
Brifinqdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov bildirib ki, seçkilərdə ölkədə fəaliyyət göstərən Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, Özbəkistan Xalq-Demokratik Partiyası, “Ədalət” Sosial Demokrat Partiyası və Özbəkistan Ekoloji Hərəkatı iştirak edəcək.
Qeyd olunub ki, dörd siyasi partiya və Ekoloji Hərəkatdan 535 namizəd qeydə alınıb, 135 dairə seçki komissiyası yaradılıb. Hər dairədə orta hesabla 154 min seçici səs verəcək. Ölkədə seçkilərin azad, ədalətli, demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Özbəkistanın 31 milyon əhalisinin 20 milyondan çoxu potensial seçicidir.
Xatırladırıq ki, 2005-ci ildə Özbəkistanda ikipalatalı parlament formalaşdırılıb. Parlamentin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata-Senatda isə 100 deputat fəaliyyət göstərir.
Sonuncu dəfə Ali Məclisə seçkilər 2009-cu ilin dekabrında keçirilib.
Seçkilərdə Azərbaycan Milli Məclisinin deputatları da müşahidəçi kimi iştirak edəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd