MƏDƏNİYYƏT
Özbəkistanın uchildiz.uz portalı tanınmış şair Maqsud Şeyxzadə haqqında məqalə yayıb
Daşkənd, 20 dekabr, AZƏRTAC
Özbəkistanın uchildiz.uz portalında tanınmış şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycan və özbək xalqlarının böyük oğlu Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında məqalə yayılıb.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilində yayılan məqalənin müəllifi Tulkin Eşbek bildirir ki, Ağdaş rayonunda anadan olan tanınmış şair 1928-ci ildə Daşkəndə sürgün edilib və ömrünün axırınadək Özbəkistanda yaşayıb. O, “Şərq həqiqəti”, “Qızıl Özbəkistan” və digər qəzetlərdə, “Gülüstan” jurnalında çalışıb, sonra isə ömrünün sonuna qədər Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyət göstərib.
Yazıda qeyd edilir ki, ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunub.
Bildirilir ki, Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanına əsasən “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunub.
Maqsud Şeyxzadə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.
Özbəkistanın xalq yazıçısı Şükrulla M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.
Bir neçə il bundan əvvəl ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd edilib.
Məqalədə şairin “Daşkəndnamə” poemasından parçalar da yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd