İQTİSADİYYAT
Pakistan Dövlət Neft Şirkəti SOCAR-la birgə layihələrin işlənib hazırlanmasında mövcud imkanlardan istifadə edəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Pakistan Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıqda maraqlıdır və birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcək.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 25-də şirkətin prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib. Şeyx İmran-ül-Həqq isə Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, Pakistanla Azərbaycan arasında əlaqələrin yüksəldiyini söyləyib.
SOCAR-ın prezidenti Azərbaycan neft-qaz sənayesinin tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb.
Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Şeyx İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib.
Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.