CƏMİYYƏT
Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyasında olub
Bakı, 28 aprel, AZƏRTAC
Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müdafiə kursu”nun nümayəndələrindən ibarət heyət Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq zamanı qonaqlara Akademiyada təlim-tədris prosesinin təşkili, inzibati və kursantların yerləşmə binasının maddi-texniki imkanları nümayiş etdirilib. Həmçinin təhsil ocağının yaradılması və inkişafı, əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib.
Görüşdə kursantların təlim-tədrisi üçün yüksək şəraitin yaradıldığı bildirilib. Müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən Akademiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi xüsusilə vurğulanıb.
Sonra Pakistan nümayəndələrinə “Azərbaycanın sərhəd təhlükəsizliyinin təşkili” mövzusunda təqdimat keçirilib, Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd olunub.
Qonaqlara Dövlət Sərhəd Xidmətinin yaradılması, əsas vəzifələri, ölkə rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində sərhəd mühafizəsinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülmüş işlər, DSX-nin beynəlxalq əlaqələri, o cümlədən Pakistanın aidiyyəti qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat verilib.