CƏMİYYƏT


Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin nümayəndə heyəti ölkəmizə səfər edib VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə iyulun 18-19-da ölkəmizə rəsmi səfər edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pakistan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-də keçirilən görüşdə qonaqları salamlayan nazir müavini Faiq Tağızadə nazirliyin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib. Nazir müavini vurğulayıb ki, dost və qardaş ölkə olan Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyi ilə məhsuldar əməkdaşlığın böyük potensialı var.

Görüşə görə təşəkkürünü bildirən Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayat bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakının gözəlliyi nümayəndə heyətində böyük təəssürat yaradıb. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.