CƏMİYYƏT
Pan Gi Mun: Terror aktlarına baxmayaraq, İqlim Dəyişikliyi üzrə Paris Konfransı keçiriləcək
Bakı, 28 noyabr, AZƏRTAC
Terror aktlarına baxmayaraq, İqlim Dəyişikliyi üzrə Paris Konfransı keçiriləcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri BMT-nin baş katibi Pan Gi Mun Maltada Millətlər Birliyinin (1946-cı ilədək Britaniya Millətlər Birliyi adlanıb) Sammitində bəyan edib. O, tədbir iştirakçıları ilə iqlim dəyişikliyi problemlərini və Parisdə keçiriləcək konfransa hazırlıq məsələlərini müzakirə edib, ikitərəfli, o cümlədən Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşlər keçirib.
Pan Gi Mun xatırladıb ki, 1988-ci ildə Maltanın Baş naziri BMT Baş Məclisində çıxışı zamanı iqlim dəyişikliyi məsələsini ilk dəfə qaldırıb. Həmin vaxtdan dünya ictimaiyyəti bu mövzunu qəbul edib və beynəlxalq arenada müvafiq məsələ barədə danışıqlar başlanıb. Baş katib deyib: “Ümidvaram ki, Malta bu dəfə danışıqların son mərhələsi olacaq və Parisdə iqlim üzrə sazişin imzalanmasına gətirib çıxaracaq. Qarşıda duran vəzifə inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirmələrinə - 2020-ci ilədək hər il 100 milyard dollar təqdim etmələrinə nail olmaqdır. Biz iş görməliyik və çox şadam ki, BMT-yə üzv dövlətlərin çoxu, o cümlədən Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya, Kanada, Avstraliya liderliyi öz üzərinə götürüblər və inkişafın maliyyələşdirilməsinə töhfə verməyə hazır olduqlarını bildiriblər. Konfransda, həmçinin təsirli qiymətləndirmə mexanizmlərini hazırlamaq lazımdır. Millətlər Birliyi ən zəif, yoxsul və balaca ölkələrdən tutmuş ən qüdrətli və zəngin dövlətlərədək dünya əhalisinin təxminən üçdə birini əhatə edir. Mən bu dövlətlərin liderlərini Parisdə sazişin bağlanması üçün əllərindən gələni etməyə çağırıram. Bu saziş orta temperaturun 2 dərəcədən çox artmasına yol verməyəcək və dünya iqtisadiyyatını karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq üçün yenidən istiqamətləndirməyə kömək edəcək”.
BMT-nin başçısı, həmçinin Maltanın Baş naziri Cozef Muskat, Fransa Prezidenti Fransua Olland və Millətlər Birliyinin baş katibi Kamaleş Şarmanın birgə mətbuat konfransında çıxış edib.
BMT-nin iqlim dəyişikliyi üzrə konfransı noyabrın 30-da Parisdə keçiriləcək.