MƏDƏNİYYƏT
Parisdə Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb
Sentyabrın 20-də şəhərcikdə, açıq havada Azərbaycan Dövlət rəqs ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl tamaşaçılara ölkəmiz haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik ölkədir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisin 6-cı rayon meriyasının dəstəyi ilə təşkil olunan şəhərcik ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədi daşıyıb.
Qısa məlumatdan sonra söz rəqqaslara verilib. 1970-ci ildə yaradılan Azərbaycan Dövlət rəqs ansamblı ötən 40 ildən çox tarixi dövrdə dünyanın bir sıra ölkələrində yüksək səviyyəli çıxışlar edib. Bu konsertlər həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində keçirilib. Xüsusilə son illərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada keçirilən konsertlər kollektivə böyük rəğbət qazandırıb. Həmişəki kimi bu dəfə də ansambl öz bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib.
Güclü yağış yağmasına baxmayaraq, tamaşaçılar meydanı tərk etməyib və bir-birini əvəz edən həzin, qəlbləri oxşayan Azərbaycan rəqslərini böyük maraq və heyranlıqla seyr ediblər. Ansamblın üzvlərinin ifa etdikləri “Yallı”, “ Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Atəşgah”, “ Qarabağ”, “Gənclik” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ansamblın Paris tamaşaçıları qarşısında çıxışı “Odlar diyarı” rəqsi ilə yekunlaşıb .
Parisdə “ Azərbaycan şəhərciyi” adı altında mədəni tədbirlər davam edir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris