İQTİSADİYYAT
Paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti bərpa edilib VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
“Azəryolservis” ASC Bakı şəhərində daha bir küçədə təmir işlərini başa çatdırıb. Binəqədi rayonundakı Abay Kunanbayev küçəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uzun müddət təmir olunmayan yolun hərəkət hissəsi sıradan çıxmışdı. Təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burada zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
Sözügedən küçədə təmir işləri paytaxt Bakıda və regionlarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılıb.
Hazırda paytaxtın bir neçə küçə və prospektində də təmir-tikinti işləri davam etdirilir. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.